Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama

Ezonn TV «Pravda.az» mənbəsinə istinadən xəbər verir.
Payız-qış mövsümünə hazırlıq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin istilik təminatı diqqət mərkəzindədir. Həmin müəssisələrdə sözügedən təminatın normal səviyyədə olmasının təmin edilməsi üçün monitorinqlər aparılıb.
Yoxlamalar nəticəsində aşkarlanan problemlərin səbəbləri müəyyən edilib. Problemlərin aradan qaldırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Əlavə olaraq, zəruri hallarda aidiyyəti qurumlarla əlaqə saxlanıb və dəstək istənilib.
Təhsil müəssisələrinin dam örtükləri, pəncərə şüşələri və giriş qapılarının vəziyyəti də yoxlanılıb. İstilik təminatı üçün ayrılan resurslardan daha səmərəli istifadə edilməsi məqsədilə müvafiq tədbirlər görülüb.
Nazirlər Kabinetinin qərarına əsasən, təhsil müəssisələrində istilik mövsümü hər il noyabrın 15-dən aprelin 15-dək davam edir. Bu dövr ərzində məktəb və uşaq bağçalarının istilik təminatının effektiv olması üçün bütün tədbirlərin görülməsi nəzərdə tutulur.