Ezonn Xəbər

Leyla Əliyeva Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak etdi

Leyla Əliyeva Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak etdi
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası çərçivəsində IDEA İctimai Birliyi və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) təşkil etdiyi "Geri çəkilən dəniz: Xəzər bölgəsində iqlim, təbiət və insanlar" mövzusunda tədbir baş tutdu. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edərək, Xəzər dənizinin səviyyəsinin azalmasının burada yaşayan nadir canlı növləri, xüsusən nərə balıqları və Xəzər suitilərinin qorunmasına ciddi təhlükə yaratdığını bildirdi. Leyla Əliyeva, Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün elmi tədqiqatların artırılmasının, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin önəmini vurğuladı. O, IDEA İctimai Birliyinin bu sahədəki müxtəlif layihələrindən də bəhs edərək, Xəzər suitilərinin sayının azalmasının səbəblərini araşdırmaq məqsədilə elmi ekspedisiyaların keçirildiyini qeyd etdi. Bundan başqa, o, balıq ehtiyatlarının bərpası üçün su hövzələrinə balıq körpələrinin buraxılması layihələrini də açıqladı. Leyla Əliyeva, eyni zamanda 2011-ci ildən bu yana keçirilən sahilyanı təmizlik aksiyalarına 7 minə yaxın könüllünün qatıldığını, nəticədə isə 120 ton tullantının toplanaraq təkrar emala yönəldildiyini vurğuladı. O, Xəzər dənizinin gələcəyinin bugün qəbul edilən qərarlardan asılı olduğunu da əlavə etdi. Tədbirdə IUCN-in Baş direktorunun müavini Stüart Maqinnis və BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Dayanıqlı Enerji Bölməsinin direktoru Dario Liquti də çıxış etdilər. Müzakirələr zamanı Xəzər dənizinin səviyyəsinin azalmasına təsir edən iqlim amilləri, biomüxtəlifliyin qorunması və regional əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı. IDEA İctimai Birliyi tərəfindən hazırlanmış Xəzər dənizinin ekoloji vəziyyətinə həsr olunmuş qısametrajlı sənədli film də nümayiş edildi.