Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda dövlət müəssisələrinin borclanması ilə bağlı ortəmüddətli dövr üçün ümumi borc limitinin müəyyən edilməsi nəzərdə tutulur. Bu barədə maliyyə naziri Sahil Babayevin rəhbərlik etdiyi Maliyyə Nazirliyinin Kollegiya iclasında məlumat verilib.
İclasda, həmçinin dövlət müəssisələrinin maliyyə hesabatlılığının beynəlxalq standartlara uyğunlaşdırılması, borcalma siyasətinin təkmilləşdirilməsi və hesabatların təqdim edilməsi mexanizmlərinin optimallaşdırılması məsələləri müzakirə olunub. Bu yanaşmaların həyata keçirilməsi, müəssisələrin maliyyə vəziyyətinin daha şəffaf və effektiv olmasına yönəlib.
Yeni yanaşmaya əsasən, dövlət müəssisələrinin borclanması üçün ortəmüddət üzrə ümumi borc limitinin tərtibi planlaşdırılır. Bu, dövlət tərəfindən maliyyə resurslarının daha səmərəli idarə olunmasına imkan yaradacaq.
Eyni zamanda, maliyyə naziri növbəti ildən başlayaraq büdcənin tərtibi, icrası və hesabatlılığı üzrə yeni skorinq metodologiyasının tətbiqini də nəzərdə tutur. Bu yeni metodologiya, büdcə proseslərinin daha sistemli aparılmasına xidmət edəcəkdir.
Nazir, müvafiq sənədlərin hazırlanması və yeni mexanizmlərin tətbiqi ilə bağlı tapşırıqlar verib və bu prosesin həyata keçirilməsi üçün müvafiq tədbirlərin görüləcəyini vurğulayıb.