İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir.
DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini Teymur Hacıyev, Agentliyin Müşahidə Şurasının sədri Anar Əliyevə açıq məktubla müraciət edərək işdən çıxarılma qərarına etiraz edib. Hacıyev, əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsasını şübhə altına alıb.
Məlumatlara görə, Teymur Hacıyevin işdən azad edilməsinin səbəbi iş yerindəki bir əməkdaşı ilə olan sevgi münasibətidir. Evli olan Hacıyev, DOST Agentliyində çalışan L.İ. ilə yaxın münasibətlər yaşayıb. Hacıyev və L.İ. arasında münasibətlər sona çatsa da, Hacıyev əlaqəni bərpa etməyə çalışıb. Bu səbəbdən, xanım əməkdaşın rəhbərliyə şikayəti ilə daxili araşdırma aparılıb.
Hacıyev açıq məktubunda xidməti araşdırma zamanı irəli sürülən ittihamların təsdiqini tapmadığını qeyd edib. O, noyabrın 4-5-də öz ərizəsi ilə işdən ayrılması üçün təzyiqlərlə üzləşdiyini, əks halda əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv ediləcəyi barədə xəbərdarlıq edildiyini iddia edib.
İki övlad atası olan Hacıyev, ailəsinin sosial vəziyyətinə də diqqət çəkərək, övladlardan birinin əlilliyi səbəbindən xüsusi dəstəyə ehtiyac duyduğunu bildirib. O, işini itirəcəyi halda, ailəsinin maddi durumunun pisləşəcəyini və övladına lazım olan reabilitasiya imkanlarının çətinləşəcəyini vurğulayıb. Hacıyev, əmək münasibətlərinə öz ərizəsi ilə xitam vermək niyyətində olmadığını bildirərək işini davam etdirmək istədiyini ifadə edib.