5000 illik 8 çörək tapıldı

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Türkiyənin qərbində yerləşən Kütahya vilayətinin Seyitömer təpəsində arxeoloqlar, Erkən Tunc dövrünə aid, təxminən 5000 illik səkkiz çörək tapıblar. Bu çörəklərin günümüzədək qorunub saxlanılması qədim dövrdə baş vermiş yanğın sayəsində mümkün olub.
Tapıntılar, 2025-ci ildə aparılan qazıntılar zamanı aşkar edilib. Məlumata görə, çörəklər iri bir otaqda, həmçinin buğda və mərcimək qalıqları ilə birlikdə tapılıb. Qazıntı rəhbəri Sevgi Gürdalın sözlərinə görə, yanğından əvvəl bu qeyri-adi məkanda çörək və digər kənd təsərrüfatı məhsulları saxlanırdı. Yanğın nəticəsində isə rəf uçmuş, ərzaqlar ətrafa dağılıb.
Özəlliklə maraqlıdır ki, yanğın zamanı yüksək temperatur nəticəsində çörəklər kömürləşərək çürüməkdən xilas olub. Beləliklə, bu qədim ərzaqlar minilliklər ərzində torpağın altında qorunmuşdur. Səkkiz çörək, divar boyunca yerləşən rəfin ayaqları arasında aşkar edilib.
Laboratoriya tədqiqatlarının nəticələri hələ açıqlanmadığından çörəyin hazırlanma üsulu və tərkibi ilə bağlı dəqiq məlumata sahib deyilik. Bununla yanaşı, çörəklərin yanında tapılan buğda və mərcimək qalıqları, həmin otağın həm yemək hazırlamaq, həm də ərzaq ehtiyatlarını saxlamaq üçün istifadə edildiyini göstərir.
Seyitömer təpəsi Kütahya şəhərindən təxminən 25 kilometr şimal-qərbdə yerləşir və Anadolunun ən qədim yaşayış məskənlərindən biri hesab olunur. Bu ərazidə Erkən və Orta Tunc dövrləri ilə yanaşı, Əhəmənilər, Ellinizm və Roma dövrlərinə aid izlər də aşkarlanıb. İndiyədək burada 17 mindən çox artefakt tapılıb və tapılan çörəklər Kütahya Arxeologiya və Mədənçilik Muzeyində sərgilənir.