Millimiz D Liqasının qrupunu lider başa vurub

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan milli futbol komandası UEFA Millətlər Liqasının qrup mərhələsindəki son oyununu keçirərək D Liqasının II qrupunu lider kimi başa vurub. Yığma, Lixtenşteynlə səfərdə qarşılaşıb. Matç Vaduz şəhərindəki "Reynpark" stadionunda baş tutub. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlamışdır.
Görüşü estoniyalı FIFA referisi Kristo Tohver idarə edib, ona isə həmyerliləri Silver Koiv və Sander Saqa kömək edib. Gərgin mübarizə şəraitində keçən matçın taleyini bir qol həll edib. Mahir Emreli 26-cı dəqiqədə fərqlənərək, Azərbaycan yığmasına 1:0 hesablı qələbə qazandırıb.
Bu nəticə ilə Azərbaycan yığması xallarını 8-ə çatdıraraq qrupu lider kimi tamamlayıb. Lixtenşteyn isə 1 xalla üçüncü pillədə qərarlaşdı. Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən əvvəlki oyunda qolsuz heç-heçə baş tutmuşdu.
Lixtenşteynin heyətində Benjamin Büxel, Severin Şlegel, Maks Heppel, Yens Hofer, Marsel Büxel və digər oyunçular yer almışdı. Azərbaycan tərəfdən isə Emil Balayev, Bədavi Hüseynov, Mahir Emreli kimi futbolçular matçda iştirak ediblər.