Ezonn Xəbər

İşgəncə ilə öldürüb, parçalayaraq basdırıblar — Milyarderlə arvadının qətlinin şok təfərrüatı

İşgəncə ilə öldürüb, parçalayaraq basdırıblar — Milyarderlə arvadının qətlinin şok təfərrüatı
Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) rusiyalı milyarder, kriptovalyuta investoru Roman Novak və onun həyat yoldaşı Anna Novakın vəhşicəsinə qətlə yetirildiyi bildirilir. 2025-ci ilin oktyabrında itkin düşən cütlüyün, BƏƏ-nin Hatt bölgəsində saxta investorlarla görüş bəhanəsi ilə tələyə salındığı məlum olub. Rusiya istintaq orqanlarının verdiyi məlumata görə, cinayətkarlar cütlüyü villaya apararaq əsir saxlayıblar. Orada onlar Roman Novakın dəyəri 380 milyon funt-sterlinq olan kriptovalyuta cüzdanlarının şifrələrini ələ keçirmək üçün ona elektroşok cihazı ilə işgəncə veriblər. Lakin hesablar açıldıqda, cüzdanların demək olar ki, boş olduğu ortaya çıxıb. Hücumçular, cütlüyün 180 min funt-sterlinq dəyərində şəxsi əşyalarını ələ keçirdikdən sonra Roman və Anna Novakı döyərək öldürüblər. Cinayətin izini itirmək üçün meyitlərin parçalanaraq səhrada basdırıldığı qeyd edilir. Rusiyada aparılan istintaq çərçivəsində qətlin icrasında iştirak edən üç şəxs müəyyənləşdirilib. Onlardan ikisi Ukraynadakı müharibədə iştirak etmiş keçmiş hərbçilərdir. 47 yaşlı Yuri Şaripov günahını etiraf edərək istintaqla əməkdaşlıq edir, 45 yaşlı Vladimir Dalekin də cinayəti etiraf etsə də, məhkəmə prosesi başlamazdan əvvəl ölüb. Keçmiş polis əməkdaşı olan üçüncü şübhəli Konstantin Şaxtla bağlı isə hələ də istintaq tədbirləri davam edir. İstintaq materiallarına əsasən, qətli törətmək üçün icraçılara 90 min funt-sterlinq ödənilib. Lakin cinayətin əsl sifarişçiləri hələlik müəyyən edilməyib. Roman Novakın qətl zamanı milyonlarla funt-sterlinqlik kriptovalyuta dələduzluğu ilə bağlı istintaq altında olduğu və daha əvvəl də mənimsəmə ittihamı ilə məhkumluğu olduğu qeyd olunur. Mərhum cütlüyün iki azyaşlı övladının Anna Novakın ailəsinin himayəsinə verildiyi bildirilir.