Ezonn Xəbər

Hava kəskin dəyişir – Güclü külək, yağış...

Hava kəskin dəyişir – Güclü külək, yağış...
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. Bir neçə gündür mülayim hava şəraitinin hökm sürdüyü ölkədə, noyabrın 15-i axşam saatlarından etibarən hava şəraitinin qeyri-sabit olacağı proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində fasilələrlə yağıntıların baş verəcəyi gözlənilir. Proqnozlara əsasən, şimal-qərb küləyinin arabir güclənməsi və havanın temperaturlarının 5-10 dərəcə enməsi gözlənilir. Bakıda və Abşeron yarımadasında noyabrın 16-sı gecə və səhər bəzi yerlərdə yağışların yağacağı ehtimalı var. Noyabrın 15-i axşamdan başlayaraq Azərbaycanın şimal və qərb rayonlarında da yağıntıların olacağı bildirilib. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi və dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bu, çaylarda sululuğun artmasına, Böyük və Kiçik Qafqazın bəzi çaylarında qısamüddətli daşqın və sel vəziyyətlərinin yaranmasına səbəb ola bilər. Qeyri-sabit hava şəraitinin noyabrın 16-sı axşamadək davam edəcəyi gözlənilir. Həmçinin, bu müddət ərzində Bakıda, Abşeron yarımadasında və bəzi bölgələrdə sarı və narıncı hava xəbərdarlığı verilmişdir. Narıncı xəbərdarlığa uyğun olaraq, Hacıqabul, Xızı, Qusar, Neftçala və digər bölgələrdə şimal-qərb küləyinin sürətinin 20.8-28.4 m/san-dək güclənməsi gözlənilir.