Tramp, Cinpin və Putin ilk dəfə bir araya gələcək – AÇIQLANDI

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ Prezidenti Donald Tramp, Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin, tarixdə ilk dəfə olaraq bir araya gələcək. Görüşün keçirilməsi, Çinin Şençjen şəhərində baş tutacaq Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində planlaşdırılır. Bu haqda Ağ Ev məlumat yayıb.
Görüşün əsas gündəmində nüvə silahlarının azaldılması məsələsi dayanacaq. CNN telekanalının verdiyi xəbərə görə, Tramp, Rusiya və Çin liderləri ilə ABŞ-nin İrana qarşı icra etdiyi hərbi əməliyyatları müzakirə etməyi düşünür. Həmçinin, görüşdə Ukrayna məsələsinin gündəmə gətirilməsi nəzərdə tutulmur.
Ağ Ev, görüşdən dərhal konkret razılaşmalar əldə olunmasını gözləmir. Vaşinqton bu görüşü nüvə tərksilahı dialoqunun başlanğıcı kimi dəyərləndirir. Qeyd edək ki, ABŞ və Rusiya arasında strateji nüvə silahlarının məhdudlaşdırılmasına dair son müqavilə – START-III (New START) bu ilin fevralında qüvvədən düşüb.
Tramp, rəsmi Moskvanın müqavilənin müddətini uzatmaq təklifini rədd edərək, Çin də daxil olmaqla yeni bir sazişin hazırlığının əhəmiyyətini vurğulamışdı. Pentaqonun qiymətləndirmələrinə görə, Çinin arsenalında 600-dən çox nüvə başlığı mövcuddur. ABŞ və Rusiyanın isə hər birinin nüvə başlıqlarının sayı 5 mindən çoxdur. Lakin, Pekin indiyədək nüvə arsenallarının məhdudlaşdırılması sazişinə maraq göstərməməkdədir.