Füzulidə AĞIR QƏZA: 3 ölü, 4 yaralı var

Ezonn TV «Lent.az» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 13-də Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində baş verən ağır yol qəzasında 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Qəza, Seymur İsmayılovun idarə etdiyi “Opel” və Mustafa Musayevin idarə etdiyi “VAZ-2104” markalı avtomobillərin toqquşması nəticəsində baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qəza hadisəsi saat 23 radələrində baş verib. “Opel” avtomobilinin sürücüsü və onun iki sərnişi yerindəcə dünyasını dəyişib. Eyni zamanda, həmin avtomobilin digər iki sərnişini, eləcə də “VAZ-2104”ün sürücüsü və sərnişi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb və araşdırmalar davam edir. Yol polisi, sürücüləri yol hərəkəti qaydalarına riayət etməyə çağırıb. Xüsusilə gecə saatlarında sürətin yol və görünmə şəraitinə uyğun seçilməsi, ara məsafəsinin saxlanması və manevrlər zamanı diqqətli olunmasının vacib olduğu vurğulanıb.
Bununla yanaşı, sürücü və sərnişinlərin təhlükəsizlik kəmərlərindən istifadəsinin təmin edilməsi, yorğun və yuxusuz halda avtomobil idarə etməkdən çəkinmək, həmçinin diqqətin yoldan yayındırılmaması da mühüm məsələlərdəndir. Sürücülərə özlərinin və daşıdıqları sərnişinlərin həyatı üçün məsuliyyət daşıdıqları xatırladılıb.