Qazaxıstanda rüşvət qalmaqalları — Tokayev vaxt qoydu

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Qazaxıstanda korrupsiya skandalları narahatlıq doğurmağa davam edir. Prezident Kasım-Jomart Tokayev, dövlət şirkətlərində korrupsiya risklərinin azaldılması ilə bağlı hökumət və nəzarət qurumlarına konkret təkliflər hazırlamağı tapşırıb. Bu barədə o, Təhlükəsizlik Şurasının operativ müşavirəsində bildirib.
Tokayev, müvafiq təkliflərin noyabrın 24-dək təqdim edilməli olduğunu xüsusi vurğulayıb. O, həmçinin, müxtəlif səviyyəli rəhbərlərin mümkün korrupsiya əməlləri ilə bağlı daxil olan məlumatların Milli Təhlükəsizlik Komitəsinin Korrupsiyaya qarşı Mübarizə Xidməti tərəfindən operativ və hərtərəfli araşdırılacağını bəyan edib.
Dövlət başçısı, “Samruk-Kazına” Milli Rifah Fondunun rəhbəri və “Qazaxıstan Dəmir Yolları” şirkətinin rəhbəri daxil olmaqla bir neçə gün əvvəl saxlanılan rəhbərlərin, şirkətlərin fəaliyyətinin adi qaydada davam etdiyini söyləyib. Lakin Tokayev, son hadisələrin dövlət şirkətlərindəki korrupsiya risklərinin hələ də ciddi problem olduğunu ortaya qoyduğunu qeyd edib.
Bu səbəbdən, hökumət və nəzarət orqanları korrupsiya hallarının ciddi dərəcədə azaldılması, eləcə də kvazidövlət sektorundakı şirkətlərin işinin səmərəliliyinin artırılması istiqamətində təkliflər hazırlamaqla mükəlləf edilib. Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Korrupsiyaya qarşı Mübarizə Xidmətinin əməkdaşları noyabrın 11-də “Samruk-Kazına” fondunun İdarə Heyətinin sədri Nurlan Jakupovu və “Qazaxıstan Dəmir Yolları” şirkətinin rəhbəri Eljas Otınşiyevi saxlayıb. Ancaq saxlanılan şəxslərin korrupsiya sxemi ilə bağlı rəsmi məlumat hələlik paylaşılmayıb.