Əhali pulu ən çox nəyə xərcləyir?

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Ölkəmizdə əhalinin maddi durumunu ölçmək üçün müxtəlif indikatorlar mövcuddur. İqtisadçı Natiq Cəfərli bildirib ki, aylıq xərclərin ərzağa xərclənən hissəsinin payı, vətəndaşların iqtisadi vəziyyətini əks etdirir. Buna əsasən, Azərbaycanda əhali xərclərinin 50%-ə yaxınını ərzaq məhsullarına xərcləyir.
Müqayisə üçün qeyd edək ki, Gürcüstanda bu göstərici 38,7%, Ermənistanda isə 40,7%-dir. Avropa İttifaqının ən kasıb ölkəsi olan Bolqarıstanda ərzaq xərclərinin payı 29,3%-dir. Eyni zamanda, Almaniyada bu rəqəm yalnız 14%, ABŞ-da isə 13% təşkil edir.
Natiq Cəfərli, Azərbaycanın pərakəndə ticarət şəbəkəsində yanvar-oktyabr aylarında istehlakçılara 57 milyard 523,4 milyon manatlıq məhsul satıldığını vurğulayıb. Bu məbləğin 28 677,3 milyon manatlıq hissəsi sırf ərzağa, 1 560,4 milyon manatlıq hissəsi isə dərmana sərf edilib. Beləliklə, əhalinin aylıq xərclərinin 53-55%-i ərzaq və dərmanlara yönəlir ki, bu da kasıblıq göstəricisi sayılır.
İqtisadçı əlavə edib ki, hökumətin əsas hədəfi əhalinin iqtisadi vəziyyətini yaxşılaşdırmaq olmalıdır. Ancaq indiki halda büdcəyə daha çox vəsait cəlb etməyə yönəlmiş yanaşma əhalini daha da kasıblaşdırır. Cəfərli, budəfəki yanaşmanın ümumi daxili məhsul artımında Azərbaycanı MDB-də son yerlərdə qərarlaşdırdığını diqqətə çatdırıb.