Hava şəraiti pisləşəcək - Nazirlik əhaliyə müraciət etdi

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Fövqəladə Hallar Nazirliyi (FHN), noyabrın 15-i günün ikinci yarısından 16-sı axşamadək respublikada gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Nazirlik, bu müddət ərzində cürbəcür hava hadisələrinin baş verəcəyini bildirir.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakı və Abşeron yarımadasında güclü külək, intensiv yağışlar, bəzi dağ çaylarında qısamüddətli sel və daşqınlar, həmçinin şimşək çaxacağı proqnozlaşdırılır. Bu cür hava şəraiti bir sıra təhlükələri də özündə ehtiva edir.
FHN, güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, binalardan və reklam lövhələrindən uzaq durmağı tövsiyə edir. Həmçinin, elektrik dirəkləri və hündür ağacların altında dayanmamağı, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyi vurğulayır. Kiçikhəcmli gəmi istifadəçilərinə, belə hava şəraitində dənizə çıxmanın qadağan olduğu xatırladılıb.
Sel və daşqın təhlükəsindən qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, təhlükə anında hündürlüklərə qalxmaq və xilasedicilərin tövsiyələrinə əməl etmək tövsiyə olunub. Eyni zamanda, ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmağı və açıq havada elektrik xətlərinə yaxına yaxınlaşmamağı da vurğulayıb. Avtomobildə olanlara hərəkəti dayandırmağı, şüşələri qaldırmağı və ildırımın bitməsini gözləməyi tövsiyə edilib.
Nazirlik, bu cür təhlükəli hallarda “112” qaynar telefon xəttinə zəng etməyi tövsiyə edir.