“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı olub - FOTO

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Bakıda görkəmli şair Mirzə Ələkbər Sabirin vəfatının 115-ci ildönümünə həsr olunmuş “Sabirin sözü, zamanın gözü” adlı kitabın təqdimatı keçirilib. Tədbir, Mirzə Ələkbər Sabir Fondu tərəfindən və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində təşkil olunub.
Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli, kitabın ərsəyə gəlməsində uzun müddətdir arzuladığı bir ideyanın reallaşdığını vurğuladı. O, Sabirin yaradıcılığına rəssamların bədii baxışlarını vahid nəşrdə toplamaq ideyasının çoxdan onun düşüncəsində olduğunu qeyd etdi.
Təqdim edilən kitabda 1906-cı ildən bu günədək tanınmış Azərbaycan rəssamları tərəfindən Mirzə Ələkbər Sabirin şeirlərinə çəkilmiş illüstrasiyalar və qrafik əsərlər toplanmışdır. Nəşrin əsas məqsədi, uzun illər müxtəlif kitablarda pərakəndə olan zəngin vizual irsi sistemli şəkildə bir yerə toplamaqdır.
Tədbirdə kitabda yer alan illüstrasiyalardan ibarət sərgi də nümayiş etdirilib. Sərgidə, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələri olan Əzim Əzimzadədən Elçin Məmmədovadək bir çox rəssamların Sabirin poetik irsinə həsr etdikləri əsərlərlə tanış olmaq imkanı yaradılıb.
Tədbirdə bir sıra qonaqlar Sabirin yaradıcılığının yaşadılması ilə bağlı fikirlərini bölüşərək, Azərbaycanın mədəni irsinin qorunması üçün bu cür layihələrin əhəmiyyətini vurğuladılar. “Sabirin sözü, zamanın gözü” nəşri, Sabirin irsinin yeni rakursdan təqdim olunmasına və gələcək nəsillər üçün qorunub saxlanmasına xidmət edir.