Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin noyabrın 15-16-da Omanda baş tutacaq Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcəyi bildirilib. Bu forum, Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsusi Müşavirinin Ofisi (UNOSAPG) və Dini və Ənənəvi Sülh Qurucuları Şəbəkəsi tərəfindən təşkil edilir.
Maskat Forumu, BMT-nin Baş Katibi Antonio Qutterişin təqdim etdiyi "Sülh vasitəçiliyi yolu ilə nifrət çağırışlarına qarşı mübarizə" adlı beynəlxalq platforma çərçivəsində həyata keçirilir. Həmçinin, bu tədbir BMT-nin Beynəlxalq Tolerantlıq Gününə təsadüf edir. Məqsəd dialoq, qarşılıqlı hörmət, inklüzivlik və dinc birgəyaşayış dəyərlərini bir daha gündəmə gətirməkdir.
Forum çərçivəsində ənənəvi və yerli liderlərin, dini liderlərin, hökumət nümayəndələrinin, BMT qurumlarının iştirak edəcəyi gözlənilir. Burada mədəniyyətlərarası və dinlərarası dialoqun prioritet rolu müzakirə ediləcək, sosial həmrəyliyin gücləndirilməsi və dinc cəmiyyətlərin təşviqi yönündə müzakirələr aparılacaq.
A.Paşazadənin forumda təqdimat edəcəyi Maskat Fəaliyyət Planının qlobal icra çərçivəsi eləcə də, onun Omanda bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.