Əhalinin tibbi xidmətlərə əlçatanlığı azalıb?

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Dünyada səhiyyə xidmətlərinə çıxışın çətinləşməsi və müalicə xərclərinin əhali üzərinə yaratdığı maliyyə yükü ciddi narahatlıqlara səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Dünya Bankı 2025-ci il üçün universal səhiyyə təminatı ilə bağlı qlobal hesabatında bildirir ki, 2022-ci il ərzində 2,1 milyard insan səhiyyə xərcləri səbəbindən maliyyə çətinlikləri ilə qarşılaşıb.
Bu insanların 1,6 milyardı tibbi xərclər nəticəsində yoxsulluğa sürüklənib və ya mövcud yoxsulluq vəziyyəti daha da ağırlaşıb. Hesabatda qeyd olunur ki, 2000-ci ildə dünya əhalisinin 34 faizi səhiyyə xərcləri səbəbindən maliyyə çətinlikləri yaşayıb, lakin 2022-ci ildə bu göstərici 26 faizə enib. Bununla belə, problemin miqyası hələ də ciddi olaraq qalmaqdadır.
Araşdırma nəticələrinə görə, dərman xərcləri maliyyə çətinliklərinin başlıca səbəblərindən biri kimi çıxış edir. Məlumata görə, mövcud ölkələrin 75%-ində dərmanlar, insanların öz cibindən ödədiyi səhiyyə xərclərinin 55 faizini təşkil edir. Yoxsul əhalinin isə tibbi xərclərinin orta hesabla 60 faizi dərmanlara sərf olunur.
Hesabatda sosial bərabərsizliyin tibbi xidmətlər sahəsində özünü göstərdiyi vurğulanır. 2022-ci ildə ən yoxsul təbəqənin hər dörd nəfərindən üçü səhiyyə xərcləri ilə bağlı maliyyə çətinlikləri yaşayarkən, ən varlı qruplarda bu göstərici hər 25 nəfərdən birinə qədər azalır. ÜST və Dünya Bankı, əgər mövcud tendensiyalar dəyişməz qalarsa, 2030-cu ilə qədər dünya əhalisinin təxminən dörddə birinin səhiyyə xərcləri ilə bağlı maliyyə çətinlikləri ilə üzləşəcəyini proqnozlaşdırır. Sənəddə tibbi xidmətlərin əlçatanlığının artırılması, dərman xərclərinin azaldılması və dövlət maliyyələşməsinin gücləndirilməsi əsas prioritetlər olaraq göstərilir.