Uşaqların gözləri depressiya riskini üzə çıxara bilər – Araşdırma

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
ABŞ-də Binqhemton Universitetinin alimləri tərəfindən keçirilən araşdırma, uşaqların emosional üz ifadələrinə verdikləri reaksiyaların depressiya riskinin erkən xəbərdarı ola biləcəyini göstərib. Araşdırma çərçivəsində 242 uşaq və onların anaları iştirak edib.
Tədqiqat müddətində alimlər, uşaqların 6 aydan bir sevinc, kədər, qəzəb və neytral ifadəli üz şəkillərinə reaksiyalarını izləyiblər. Bu məqsədlə, uşaqların göz hərəkətlərini qeyd edən xüsusi texnologiyadan istifadə olunub. Araşdırmalar nəticəsində məlum olub ki, anaları ağır depressiv pozuntular yaşayıb-yetirən uşaqlar, kədərli üz ifadələrinə daha çox diqqət yetirir.
Analizlər göstərir ki, depresiyadan əziyyət çəkən anaların uşaqlarında depressiya əlamətlərinin artması, onların mənfi emosional siqnallara daha çox yönəlməsi ilə bağlıdır. Ailəsində depressiya tarixi olmayan uşaqlarda isə, depressiya əlamətləri artdıqca xoşbəxt ifadələrə diqqət azalır. Bu, müsbət emosiyalara qarşı həssaslığın zəifləməsi ilə əlaqələndirilir.
Tədqiqatçılar, bu xüsusiyyətlərin inkişafın erkən mərhələlərində formalaşdığını və gələcək psixi sağlamlığa mənfi təsir göstərə biləcəyini vurğulayıblar. Onların araşdırmasının əsas məqsədi, depressiyanın klinik mərhələyə çatmasından əvvəl risk faktorlarını müəyyənləşdirməkdir. Araşdırma iştirakçılarına dair müşahidələr hələ də davam edir və alimlər, bu diqqət modellərinin yeniyetməlik dövründə qorunub-qorunmadığını və gələcəkdə depressiya riskinə necə təsir etdiyini analiz etməyə çalışırlar.