Parisdə minlərlə insan küçələrə çıxdı – Etiraz başladı

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Fransanın paytaxtı Parisdə noyabrın 14-də minlərlə insan bahalaşmaya və hüquq-mühafizə orqanlarının əməkdaşlarının etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılığına etiraz etmək üçün küçələrə çıxıb.
Aksiyada iştirakçılar Respublika meydanından Millət meydanına doğru yürüş edərək əllərində müxtəlif şüarlar yazılmış plakatlar tutublar. Nümayişin əsas çağırışları arasında "Hamımız zorakılığa qarşı", "Uşaqlarımızın həyatı onların mənfəətindən daha dəyərlidir" və "Varlıların vergiləri artırılsın!" kimi ifadələr yer alır.
Etirazların başlıca səbəbi Fransa parlamentində müzakirəyə çıxarılan və hüquq-mühafizə orqanlarının əməkdaşlarının silah tətbiqini qanuni sayan qanun layihəsidir. Nümayişçilərin fikrincə, bu qanunun qəbul edilməsi polis və jandarm əməkdaşlarının hüquq pozuntularının araşdırılmasını çətinləşdirəcək, bu da onların hərəkətlərinin sübut edilməsini və onlardan şikayət etməyi mürəkkəbləşdirəcək.
Aksiyada əsasən tələbə birliklərinin fəaliyyəti ilə tanınan gənclər iştirak etsə də, solçu siyasi partiya və hərəkatların fəalları da nümayişə qoşulublar. Tələbə və məktəblilər qiymət artımına, xarici tələbələr üçün bəzi güzəştlərin ləğvinə və universitetlərdə təhsil alan tələbələrə verilən təqaüdlərin yetərsiz olmasına etiraz ediblər.
Tələbə birliyinin nümayəndəsi Sabrina Harbaş, yürüşdən əvvəl jurnalistlərə təhsildə bərabərlik təmin olunmasını, tələbələrin mənzil, qidalanma və tibbi xidmətlə təmin edilməsini tələb edib. O, universitet binalarının təmirinə ehtiyacın olduğunu, bəzi təhsil müəssisələrində dam örtüklərinin uçmaq təhlükəsi ilə üzləşdiyini vurğulayıb. TASS-ın məlumatına görə, noyabrın 14-dəki nümayiş, noyabrın 5-dəki kütləvi etirazla müqayisədə daha az sayda iştirakçı toplayıb, çünki bu dəfə böyük həmkarlar ittifaqları aksiyanın təşkilatçısı olmayıb. Onlar noyabrın 17-də növbəti ümumölkə tətili günü ayrıca nümayiş keçirməyi planlaşdırırlar.