BDYPİ-dən sürücülərə MÜRACİƏT

Ezonn TV «Manset.az» mənbəsinə istinadən xəbər verir.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Noyabrın 15-i gündüz saatlarından 16-sı axşamadək Bakı və Abşeron yarımadasında güclü küləyin olacağı barədə məlumat verilib.
Milli Hidrometeorologiya Xidmətinin açıqlamasına əsasən, güclü külək zamanı nəqliyyat vasitələrinin idarə edilməsi çətinləşə bilər. Havanın kəskin dəyişməsi, yollarda görmə məsafəsinin azalmasına, ağac budaqlarının və digər əşyaların yolu kəsməsinə səbəb ola bilər ki, bu da yol-nəqliyyat hadisələrinin riskini artırır.
Buna görə də, BDYPİ sürücülərə sürət həddini hava və yol şəraitinə uyğun seçməyi, ara məsafəsini artırmağı və qəfil manevrlərdən çəkinməyi tövsiyə edir. Xüsusilə körpülərdə, estakadalarda və açıq ərazilərdə daha diqqətli olmaq tələb olunur. İriqabaritli və ağırtonnajlı nəqliyyat vasitələrinin sürücüləri müraciətdə göstərilən təhlükələri nəzərə almalıdırlar.
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarını hava şəraitini mütləq nəzərə almağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə və öz şəxsi təhlükəsizlikləri ilə yanaşı, digər sürücülərin təhlükəsizliyinə də məsuliyyətlə yanaşmağa çağırır.