13 illik həsrətin bitməsinə 5 gün qaldı

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Oyun dünyasında uzun bir gözləntinin ardından “Grand Theft Auto VI” (GTA VI) oyununun satışına cəmi 5 gün qaldı. Milyonlarla oyunçu noyabrın 19-da bu uzun həsrətin sona çatmasını gözləyir.
“Rockstar Games” tərəfindən hazırlanan məşhur oyunun ilkin mərhələdə “PlayStation 5”, “Xbox Series X” və “Xbox Series S” platformalarında təqdim olunacağı bildirilib. Kompüter (PC) versiyası ilə bağlı isə hələlik dəqiq bir tarix açıqlanmayıb.
Oyunun qiymətləri də məlum olub. Standart versiyanın qiyməti 79,99 dollar (136 AZN), ultimate (yekun) versiyasının qiyməti isə 99,99 dollar (170 AZN) olaraq müəyyən edilib. “Take-Two Interactive” şirkətinin məlumatına görə, GTA VI üçün öncədən sifarişlərin gözləntiləri üstələdiyi, lakin dəqiq satış rəqəmlərinin açıqlanmadığı vurğulanıb.
Xatırladaq ki, GTA VI-nın hazırlığı 2 milyard dollara başa gəlib. Oyun, Florida ştatından ilhamlanmış, Leonida adlı uydurma ştatın Vays Siti (Mayami) şəhərində cərəyan edəcək. Oyunun əsas qəhrəmanları Lusya və Ceyson adlı cütlük olacaq.
Seriyanın əvvəlki hissəsi olan GTA V 2013-cü ildə satışa çıxarılıb və dünya üzrə 200 milyon nüsxədən çox satılıb. GTA VI-nın da oyun sənayesində yeni satış rekordları müəyyən edəcəyinə inanılır.