Ezonn Xəbər

IDEA ilə ICESCO arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

IDEA ilə ICESCO arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Ezonn TV «Report» mənbəsinə istinadən xəbər verir. Noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüş keçirib. Görüş zamanı IDEA İctimai Birliyi ilə ICESCO arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Bu baxımdan azərbaycanlı gənclərin ekoloji sahədə beynəlxalq təcrübə qazanmaları üçün yeni fırsatların yaradılması ön plana çəkilib. Eyni zamanda, məktəblərdə ekoloji təhsilin təşviqi, yaşıllaşdırma, tullantıların çeşidlənməsi, suya qənaət və enerji səmərəliliyi kimi istiqamətlərdə birgə təşəbbüslərin həyata keçirilməsi imkanları da müzakirə edilib. Görüşdə, gənclərin iştirakı ilə beynəlxalq ekoloji yay düşərgələrinin təşkil olunması və biomüxtəlifliyin qorunması sahəsində maarifləndirmə layihələrinin icrası məsələləri də müzakirə edilib. Həmçinin, hava çirklənməsi, tullantıların idarə olunması və su ehtiyatlarının qorunması üzrə innovativ həllərin hazırlanmasına yönəlik fəaliyyət perspektivləri müzakirə olunub.