Ezonn Xəbər

Macarıstanda keçmiş nazirə qarşı əməliyyat — Meşələrdə basdırılmış milyardlarla pul tapıldı

Macarıstanda keçmiş nazirə qarşı əməliyyat — Meşələrdə basdırılmış milyardlarla pul tapıldı
Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir. Macarıstanda, keçmiş Baş nazir Viktor Orbanın dövründə vəzifə tutmuş məmurlara qarşı aparılan korrupsiya istintaqı çərçivəsində ölkənin müxtəlif bölgələrində gizlədilmiş milyonlarla dollar nağd pul müsadirə edilib. Axtarışlar zamanı ferma binalarında, anbarlarda və meşəlik ərazilərdə torpağa basdırılmış pul yığınları aşkar olunub. İstintaqın mərkəzində, Viktor Orbanın 16 illik hakimiyyəti dövründə dörd il milli inkişaf naziri olmuş Mikloş Şestak dayanır. O, dövlətə məxsus nəqliyyat şirkəti ilə bağlı korrupsiya sxeminə görə rüşvət almaqda ittiham olunur, lakin keçmiş nazir irəli sürülən ittihamları qətiyyətlə rədd edir. Milli Aktivlərin Bərpası və Qorunması Ofisinin açıqlamasına görə, əməliyyatlar ərzində 5 milyard 71 milyon 632 min Macarıstan forinti, 2 milyon 658 min 350 avro və 1 milyon 257 min 100 ABŞ dolları olmaqla, ümumi dəyəri 19,5 milyon dollar təşkil edən nağd pullar aşkar edilib və Macarıstan Dövlət Xəzinədarlığına köçürülüb. Korrupsiya araşdırmaları yalnız Mikloş Şestakla bitmir. Sentyabr ayından başlayaraq, daha bir keçmiş nazir və Mərkəzi Bankın sabiq sədri Dyöri Matolçi də ayrı-ayrı korrupsiya işləri ilə bağlı həbsdədir. Hər iki şəxs ittihamları rədd edir. Həmçinin, bazar ertəsi günü Macarıstan hüquq-mühafizə orqanları miqrant qaçaqçılığı ilə əlaqədar Viktor Orbanın qardaşını və üç nəfəri saxlayıblar. Keçmiş Baş nazir baş verənləri siyasi qisas olaraq şərh edir: “Bu çirkli oyunun məqsədi siyasi rəqibi aradan qaldırmaqdır. Hədəf mənəm, qardaşım isə sadəcə bir vasitədir.”