Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Bank Respublika və AccessBank-ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir. Bu barədə beynəlxalq reytinq agentliyi Moody’s-in qiymətləndirməsində məlumat verilib.
Moody’s-in proqnozuna əsasən, birləşmə əməliyyatı tamamlandıqdan sonra hər iki bank ilkin olaraq müstəqil fəaliyyətini davam etdirəcək. Sonraki mərhələdə isə tənzimləyici tələblərə uyğun olaraq vahid strukturda birləşmə prosesi həyata keçiriləcək. Agentlik hesab edir ki, bu, Bank Respublika-nın fəaliyyət miqyasını artırmaqla yanaşı, bazardakı mövqeyini də gücləndirəcək.
Bununla yanaşı, birləşmənin mikrobiznes və kiçik-orta sahibkarlıq seqmentlərində rəqabət imkanlarını genişləndirəcəyi gözlənilir. Lakin Moody’s, 2026-2027-ci illərdə Bank Respublika-nın aktivlərinin keyfiyyətinə müəyyən təzyiq yarana biləcəyini proqnozlaşdırır. Bu, AccessBank-ın aktivlərinin yeni bankın kredit portfelinə daxil edilməsi ilə bağlıdır.
Məlumata görə, 2025-ci ilin sonuna AccessBank-ın problemli kreditlərinin ümuni kredit portfelində payı 7,4% olacaq. Müqayisə üçün, birləşmədən əvvəl Bank Respublika-da bu göstərici 1,4% olmuşdur. Moody’s, qısamüddətli inteqrasiya risklərinə baxmayaraq, uzunmüddətli dövrdə birləşmənin müsbət nəticələr verəcəyini düşünür.
Birləşmədən sonra bankın maliyyələşməsində müştəri depozitlərinin rolunun artacağı proqnozlaşdırılır. Növbəti 12-18 ay ərzində kreditləşmənin daha aşağı templə genişlənəcəyi gözlənilir. Moody’s, Bank Respublika-nın uzunmüddətli depozit reytinqləri üzrə proqnozunu mənfi qiymətləndirir və bu, yaxın dövrdə reytinqlərin yüksəldilməsi ehtimalının az olduğunu göstərir.