Ezonn Xəbər

İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir

İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. İran, qonşu ölkələrdən turist axınını artırmaq məqsədilə turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək niyyətindədir. Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Mədəni İrs Nazirliyinin iclasında məlumat verib. Nazir, ölkənin turizm potensialının artırılması və qonşu ölkələrdən olan turistləri cəlb etmək üçün ciddi strategiyalar hazırlamağın vacib olduğunu qeyd edib. Əraqçi, Məşhəddən kənar olan bölgələrin daha geniş turizm marşrutlarına daxil edilməsinin zəruriliyini vurğulayıb. Daha sonra, Əraqçi iraqlı turistlərin İsfahan və İranın şimal bölgələrinə olan marağının artdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, iraqlı turistlərin şəxsi avtomobillərlə İrana səyahətinin asanlaşdırılması, turizm gəlirlərinin müxtəlif vilayətlər arasında daha balanslı paylanmasına yardım edə bilər. Nazir, turizm, mədəni irs və sənətkarlıq sahələrində əməkdaşlığın genişləndirilməsi yönündə irəliləyişə açıq olduqlarını, eləcə də viza prosedurlarının sadələşdiriləcəyini qeyd edib. Eyni zamanda, İranın mədəni irs nümunələrinin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi istiqamətində birgə fəaliyyətə hazır olduqlarını bildirib.