Fransada etiraz aksiyalarında 121 nəfər saxlanılıb

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 14-də Fransada qiymət artımına və polis zorakılığına qarşı geniş etiraz aksiyaları baş tutub. Bu aksiyalar zamanı 121 nəfərin saxlandığı bildirilib.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanların sayı yerli vaxtla saat 17:00-a olan vəziyyəti əks etdirir və gün ərzində dəyişə bilər. Parisdə, o cümlədən 3 yeniyetmə olmaqla, 22 nəfər saxlanılıb. Saxlanılmaların səbəbləri arasında silah sayıla bilən əşyaların daşınması, təhqir, müəyyən ərazilərdə olma və nümayişlərdə iştirakla bağlı qadağaların pozulması dayanır.
Aksiyalara qatılanların sayı gözləniləndən daha çox olub; Daxili İşlər Nazirliyinin hesablamalarına görə, ölkə üzrə 106 min nəfər nümayişlərdə iştirak edib, onlardan 24 mini isə Parisdədir. Lakin tələbə və məktəbli birlikləri, nümayişlərin təşkilatçıları, bu rəqəmlərin 200 min olduğunu iddia edirlər.
Etirazlar zaman zaman toqquşmalara səbəb olub. Parisdə etirazçılarla polis arasında gərginlik yaşanıb. Hüquq-mühafizə orqanları gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edərək aqressiv qrupları dağıtmağa çalışıb. Digər şəhərlərdə, məsələn, Nantda, nümayişçiləri dağıtmaq üçün su şırnaqları tətbiq olunub.
Fransada bu cür kütləvi nümayişlər sentyabr ayından bəri davam edir. Məktəblilər, təhsil müəssisələrinin durumu və müəllim çatışmazlığına etiraz edərək bir sıra məktəbləri bloklayıblar. Eyni zamanda, oktyabr ayında həmkarlar ittifaqları əməkhaqlarının artırılması tələbi ilə aksiyalara keçiblər.