ABŞ 26 il sonra həmin statusu itirdi

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Peyvəndləməyə qarşı tərəddüdlərin artması və vaksinasiya səviyyəsinin aşağı düşməsi ABŞ-ın 2000-ci ildən bəri qoruduğu “qızılcanın kökünü kəsmiş ölkə” statusundan rəsmi şəkildə məhrum olmasına səbəb olub. Bu məlumata görə, Pan-Amerika Səhiyyə Təşkilatı ilə əməkdaşlıq edən müstəqil ekspert komissiyası, virusun ölkə daxilində bir ildən artıq müddətdə fasiləsiz yayılması nəticəsində bu qərarı alıb.
Genetik araşdırmalar, Yuta ştatında eyni qızılca ştammının bir ildən çox dövriyyədə qaldığını təsdiqləyib. Bununla yanaşı, Cənubi Karolina, Pensilvaniya, Viskonsin və Nyu-York ştatlarında da uzunmüddətli yoluxma ocaqları qeydə alınıb. Bu vəziyyət, ölkədə qızılca virusunun geniş yayıldığını göstərir.
Cari ildə ABŞ-da 5400-dən çox yoluxma faktı aşkarlanıb ki, bu da 1991-ci ildən bəri ən yüksək göstəricidir. Xəstələnənlərin əksəriyyəti peyvənd olunmamış şəxslərdir. Həmçinin, yoluxan hər doqquz nəfərdən birinin xəstəxanaya yerləşdirildiyi və ən azı 10 nəfərin öldüyü məlumdur.
Eyni zamanda, iki doza peyvəndin xəstəlikdən 97 faiz qoruma təmin etməsinə baxmayaraq, məktəblərdə vaksinasiyadan azadolma hallarının artması və kollektiv immunitetin zəifləməsi körpələr, hamilə qadınlar və immun sistemi zəif olan şəxslər üçün ciddi risk yaratmaqdadır.