Vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz fakt

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Genişmiqyaslı beynəlxalq tədqiqat, Danimarka və İsveç vikinqlərinin əcdadlarının təxminən 1600 il əvvəl müasir Şimali Almaniya ərazisindən Skandinaviyaya gəlmələrini göstərib. Alimlərin özləri üçün də gözlənilməz olan bu nəticələr, regionun tarixi ilə bağlı yeni suallara səbəb olub.
Tədqiqat çərçivəsində, təxminən 4,5 min qədim insanın DNT-sini təhlil edərək genetik məlumatlar, arxeoloji və linqvistik dəlillərlə müqayisə edilib. Araşdırmalar nəticəsində məlum olub ki, köçən qövm yeni mədəniyyət, ali tanrısı Odin olan din və qədim skandinav dilinin formalaşmasına təsir ediblər. Həmçinin, gələnlər əvvəlki yerli əhalinin əhəmiyyətli hissəsini əvəz ediblər.
Höteborq Universitetinin arxeologiya üzrə professoru Kristian Kristiansenin dediyinə görə, bu kəşf vikinqlər dövrü başlamadan əvvəlki Skandinaviya tarixində mövcud olan boşluğu doldurmağa imkan tanıyır. Bu isə, bölgənin tarixi və mədəni inkişafı üzrə yeni perspektivlər açır.
Tədqiqat zamanı vikinqlərlə anqlosaksonlar arasında genetik qohumluq aşkar edilib ki, bu da bu xalqlar arasındakı oxşarlıqları izah edə bilər. Eyni zamanda, 4000 il əvvəl baş verən və daha əvvəl məlum olmayan genişmiqyaslı köçün izləri də müəyyən edilib. Bu köç, müasir german dillərinin sələfləri olan dilin ilkin formalarını da gətirmiş ola bilər.
Alimlərin fikrincə, genetik, arxeoloji və linqvistik məlumatların birgə təhlili, qədim köçlərin və Avropa xalqlarının mənşəyinə dair yeni baxış açısını ortaya qoymağa imkan verir.