Almaniya qaz qıtlığına görə kömür elektrik stansiyalarını yenidən işə sala bilər

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Almaniya hökuməti, qarşıdakı qışda mümkün qaz qıtlığını aradan qaldırmaq üçün ehtiyatda saxlanılan köhnə kömür elektrik stansiyalarını yenidən işə salmağı nəzərdə tutur. Bu barədə "Der Tagesspiegel" qəzetinin əldə etdiyi sənəddə məlumat verilir.
İqtisadiyyat Nazirliyinin hazırladığı qanun layihəsinə əsasən, qaz anbarlarının doluluq səviyyəsinin aşağı olması, qış aylarında enerji təminatında problem yarada bilər. Qışda enerji sisteminin sabitliyini qorumaq məqsədilə saxlanılan kömür elektrik stansiyaları, yeni qanun layihəsinin qəbul edilməsi ilə müvəqqəti olaraq elektrik enerjisi istehsal edə biləcək.
Hal-hazırda, bu stansiyaların operatorlarına xərcləri kompensasiya edilsə də, mənfəət əldə etməyə icazə verilmir. Yeni layihənin qəbul edilməsi situasiyanın dəyişməsinə imkan tanıyır, çünki fövqəladə enerji təchizatı vəziyyəti elan edildiyi halda, stansiyaların elektrik enerjisi bazarına geri qaytarılması mümkün olacaq.
Sənəddə qeyd olunur ki, ehtiyat elektrik stansiyalarının 2026, 2027 və 2028-ci illərdə kömür istifadəsinə qadağa qoyulmasına baxmayaraq, bu stansiyalar ən gec 2028-ci ilin martına qədər elektrik enerjisi istehsal edə biləcəklər. Hökumət, operatorlardan işçi heyətini və yanacaq ehtiyatlarını hazır vəziyyətdə saxlamağı tələb etməyi planlaşdırır. Bu dəyişikliyin əlavə xərclərinin bir hissəsi, elektrik şəbəkəsi tariflərinin artırılması ilə istehlakçılar tərəfindən ödənilməsi gözlənilir.