Ezonn Xəbər

Almaniyada "Microsoft" sistemindəki nasazlıq 15 nəfərin xlorla zəhərlənməsinə səbəb olub

Almaniyada "Microsoft" sistemindəki nasazlıq 15 nəfərin xlorla zəhərlənməsinə səbəb olub
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Almaniyanın qərbində yerləşən Brül şəhərində bir istirahət və əyləncə parkında baş verən insident nəticəsində 15 nəfər xlorla zəhərlənib. Hadisəyə səbəb olan texniki nasazlığın “Microsoft” korporasiyasının xidmətlərindəki problemlə əlaqəli olduğu bildirilir. Məlumatlara əsasən, zəhərlənmə parkın ərazisindəki bir otelin hovuzunda xlor sızması səbəbindən baş verib. İlkin araşdırmalardan sonra aşkar edilib ki, hovuzda xlorun miqdarını avtomatik şəkildə tənzimləyən sistemdə nasazlıq yaranıb. Bu sistem normalda xlor miqdarı normadan artıq olduqda xəbərdarlıq etməliydi. Lakin problem səbəbiylə, xəbərdarlıqlar elektron poçt vasitəsilə, “Microsoft Outlook” proqramı üzərindən göndərilmədiyindən, sistem vaxtında məlumat verə bilməyib. Zərərçəkənlər arasında edilən ilkin müayinə nəticəsində tənəffüs yollarında qıcıqlanma və boğaz ağrısı kimi şikayətlər olduğu müəyyən edilib. Xüsusilə dörd nəfər xəstəxanaya yerləşdirilib, digər 11 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.