İranın BAEA ilə əməkdaşlığında dəyişiklik olmayacaq

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai, ölkəsinin Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığında hər hansı dəyişiklik gözləmədiyini bildirib. Bəqai, mətbuat konfransında, agentliyin ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələrin mövcud vəziyyətə səbəb olduğunu etiraf etdiyini qeyd edib.
Bəqai, İranın bu günə qədər danışıqlar mərhələsində iki dəfə hücuma məruz qaldığını bildirərək, zərbələrin həmin BAEA-nın təminatları altında olan nüvə obyektlərinə də edildiyini vurğulayıb. Lakin BAEA-nın Rəhbərlər Şurası və baş direktoru bu faktları görməzdən gəldiyindən narahatlıq ifadə etmişdir.
Xarici İşlər Nazirliyinin sözçüsü, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NSYM) ilə bağlı məsələyə də toxunub. O, bildirmişdir ki, müvafiq qərarlar qanuni prosedurlar çərçivəsində müvafiq qurumlar tərəfindən qəbul edilməlidir. Hazırda İran müqavilənin iştirakçısı olaraq qalır və üzərinə düşən öhdəlikləri yerinə yetirməyə davam edəcək.
Noyabrın 13-də “Reuters” agentliyi BAEA-nın məxfi hesabatını açıqlayıb. Hesabatda agentlik, İranı müfəttişlərin ölkəyə qayıtmasını təmin etmək üçün mərhələli addımlar atmağa çağırır. Sənəddə, İranın nüvə obyektlərinə endirilən zərbələrin yaratdığı situasiyaya da toxunulmuşdur. Bununla yanaşı, əməkdaşlığın yetərli olmaması səbəbindən bəyan edilmiş nüvə materiallarının başqa məqsədlərə yönəldilmədiyi təsdiqlənə bilmir. Hesabatın BAEA-nın Rəhbərlər Şurasının gələn həftəki iclasında müzakirə ediləcəyi gözlənilir.