Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan Dəmir Yolları (ADY) QSC, 2030-cu ilədək Yalama, Mincivan və Astara istiqamətlərində sərnişin daşımalarının bərpa ediləcəyini açıqlayıb. Eyni zamanda, gələn il Bakı–Xankəndi–Bakı marşrutu sərnişinlərin istifadəsinə veriləcək.
ADY, həmçinin Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə "2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində dəmiryol layihələrinin icrasını davam etdirir. Bu proqram çərçivəsində yeni dəmiryolu xətləri və stansiyaların bərpası planlaşdırılır.
Dövlət Proqramında Bakıətrafı ərazilərdə dəmiryol infrastrukturunun inkişafı üçün Yeni Suraxanı–Hövsan, Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar və Qaradağ–Güzdək dəmir yolu xətləri diqqət mərkəzindədir. Bu layihələr, həmçinin mövcud stansiyaların bərpasını və yeni stansiyaların inşasını nəzərdə tutur.
Bu təşəbbüslər, sərnişin daşımalarının artırılmasına və dəmiryol nəqliyyatının daha da inkişafına yönəlib. ADY, bununla da bölgələr arasında nəqliyyat əlaqələrinin güclənməsini hədəfləyir.