Ezonn Xəbər

Almaniyanı tərk edən vətəndaşların sayı rekord həddə çatıb

Almaniyanı tərk edən vətəndaşların sayı rekord həddə çatıb
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. 2025-ci ildə Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, ölkədən köçən vətəndaşların sayı 288 579 nəfərə çatıb. Bu göstərici, 2016-cı ildən bəri qeydə alınan 281 min nəfərlik əvvəlki rekordu üstələyərək yeni bir rekord halını alıb. Mühacirətin artması, doğum səviyyəsinin aşağı düşməsi ilə birlikdə, Almaniyanın demoqrafik durumuna ciddi təsir göstərib. 2025-ci ildə ölkə əhalisinin 110 min nəfər və ya 0,1 faiz azalması proqnozlaşdırılır. 2026-cı ilin əvvəlinə olan əhalinin sayı isə 83,5 milyon nəfərə geriləyə bilər. Statistik məlumatlar, ötən il ölümlərin doğulanlardan 352 min nəfər daha çox olduğunu göstərir. Eyni zamanda, xalis miqrasiya axınının zəifləməsi, əhalinin azalmasını sürətləndirir. 2026-cı ilin birinci rübünün sonunda əhalinin 83,36 milyon nəfərə düşməsi ehtimal edilir. Ekspertlərin proqnozlarına əsasən, mövcud tendensiya davam edərsə, Almaniyanın əhalisinin 2045-ci ilədək 81,8 milyona enməsi mümkündür. “Jugend in Deutschland” tədqiqatı göstərir ki, 14-29 yaş arasında olan almanların 21 faizi yaxın gələcəkdə xaricə köçməyi planlaşdırır. 18-24 yaş qrupundaki respondentlərin 54 faizi isə xaricdə yeni həyata başlamağı real perspektiv hesab edir. Almaniyadan köçənlərin əksəriyyəti əmək qabiliyyətli və ixtisaslı şəxslərdir. Məlumatlara görə, mühacirlərin təxminən üçdə ikisi 25-40 yaş arasındadır və onlardan 75 faizə yaxını ali təhsilli və ya peşə ixtisasına malikdir. Bu, ölkənin mühəndis, həkim, İT mütəxəssisi kimi ixtisaslı kadrların itirilməsi ilə nəticələnə bilər. Ekspertlər isə mühacirətin səbəbləri arasında uzunmüddətli iqtisadi durğunluğu, karyera imkanlarının məhdudlaşmasını və hökumət siyasətindən narazılığı göstərirlər.