Bu dəfə general qızı onu məhkəməyə verdi

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini, general-mayor Ceyhun Rzayev barəsində Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizəsi verilib. Şikayətçi Türkər Əliyeva Rzayevin dövlət məmuru olaraq onun həyatına və fəaliyyətinə müdaxilə etdiyini iddia edir.
Türkər Əliyeva Abşeron rayonu ərazisində yerləşən 10 hektar 20 sot torpaq sahəsini satmaq istədiyini bildirir. Onun sözlərinə görə, torpağın satış qiyməti Ceyhun Rzayevlə razılaşdırılmış 1 milyon 500 min manat olub. İddia edilir ki, Rzayev ilkin ödəniş olaraq 380 min manat verib.
Ərizədə qeyd olunur ki, tərəflər arasında razılaşma torpağın mülkiyyət sənədləri hazır olduqdan sonra Ceyhun Rzayevin Badamdar qəsəbəsindəki bağ evini verməsi və digər ödənişləri etməsi şərti ilə həyata keçirilib. Bununla yanaşı, Türkər Əliyeva Rzayevin torpağın ilkin sahibi Züleyxa Müşteyidzadəyə təsir edərək razılaşmanı pozmağa çalışdığını bildirir.
Bundan başqa, Türkər Əliyeva bildirib ki, Ceyhun Rzayev onu hədələyərək uydurma cinayət işi açdırmağa cəhd edib və yaxınlarına onun haqqında alçaldıcı məlumatlar yaymağı da tapşırıb. Bu vəziyyətin onun üzərində ciddi mənəvi təsir qoyduğu vurğulanıb, çünki Türkər Əliyeva dörd azyaşlı övladını təkcə böyütdüyünü qeyd edir.
Şikayətçi Ceyhun Rzayevin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsini və hədə-qorxu ilə tələb etmə iddialarının hüquqi qiymətləndirilməsi üçün Baş Prokurorluğa göndərilməsini xahiş edir. Məlumat üçün qeyd edək ki, tərəflər arasında əvvəllər də əmlak mübahisəsi mövcuddur. Noyabrın 12-də Sumqayıt Şəhər Prokurorluğu tərəfindən saxlanılan Türkər Əliyeva daha sonra məhkəmənin qərarı ilə sərbəst buraxılıb.