Kilsədə 9 nəfəri öldürən qardaşlar edam olunacaq

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
İordaniyada oktyabrın 23-də Kərək əyalətinin Hammud kəndində yerləşən yunan pravoslav kilsəsinə silahlı hücum edən üç şəxs edam cəzasına məhkum edilib. Bu hadisə nəticəsində 9 nəfər həyatını itirib, 25 nəfər isə yaralanıb.
Silahlı hücum dəfn mərasimi zamanı baş vermişdir. Hücumdan sonra qaçan üç şübhəli - iki qardaş və onların qohumu üç gün sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
İordaniya ordusunun yaydığı məlumata görə, Dövlət Təhlükəsizlik Məhkəməsi təqsirləndirilənlər barəsində edam hökmü çıxarıb. Məhkəmə, onları terror aktları törətmək, insan ölümünə səbəb olmaq, qanunsuz silah saxlamaq və terror fəaliyyətini planlaşdırmaqda təqsirli bilib. Həmçinin, təqsirləndirilənlərdən biri terror aktlarının maliyyələşdirilməsində də ittiham olunub.
Hadisədən sonra İordaniya Kralı II Abdullah, ölənlərin ailələrinə başsağlığı verərək, məsul şəxslərin ən ağır cəzaya məhkum edilməsini tələb etmişdir. O, ölkədəki təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün müvafiq göstərişlər vermişdir.