D vitamininin bilinməyən FAYDASI

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ-nin Pensilvaniya Ştat Universitetinin alimləri D vitamininin immun sisteminin iltihabi reaksiyalarını tənzimləməyə və ağciyərlərdə virus yükünü azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. Tədqiqatın nəticələri "Frontiers in Immunology" jurnalında dərc olunub və araşdırmaların siçanlar üzərində keçirildiyi bildirilir.
Tədqiqat zamanı A qripi virusunun H1N1 alt növü ilə mübarizənin gedişatında D vitamini reseptorlarının (VDR) və paratiroid hormonunun rolu öyrənilib. D vitamini reseptorları olmayan siçanlarda xəstəliyin simptomlarının daha ağır keçdiyi və virusdan təmizlənmə prosesinin daha uzun çəkdiyi göstərilib. Bu qrupa daxil olan siçanlarda ölüm göstəricisi 21 faiz təşkil edib.
Alimlər həmçinin, bu siçanların ağciyərlərində immun sisteminin aktivliyinin artdığını, lakin bunun həddindən artıq iltihaba və toxumaların zədələnməsinə gətirib çıxardığını qeyd ediblər. Tədqiqatın baş müəllifi, professor Marqarita Kantorna, D vitamininin qrip infeksiyasından sonra immun sisteminin normal fəaliyyətini bərpa etməyə kömək edə biləcəyini bildirib.
Tədqiqat çərçivəsində, D vitamini ilə bağlı mexanizmləri pozulmuş bir neçə siçan qrupunun müayinəsi aparılıb. Nəticələr göstərir ki, bu qruplardakı siçanların vəziyyəti nəzarət qrupundakı sağlam siçanlarla müqayisədə daha ağırdır. Tədqiqatın aparıcı müəllifi Mencju Tan isə D vitamini çatışmazlığı olan insanlar üçün nəticələrin əhəmiyyət daşıdığını vurğulayıb.
Bununla yanaşı, alimlər bildiriblər ki, D vitamini çatışmazlığı zamanı paratiroid hormonunun miqdarı artır, bu isə immun reaksiyanın tənzimlənməsində əhəmiyyətli rol oynayır. Aydın olan budur ki, D vitamininin istifadəsi ilə bağlı əlavə tədqiqatlara ehtiyac var. Həkim məsləhəti olmadan D vitamininin qəbulunu artırmaq, alimlər tərəfindən tövsiyə edilmir.