Avstraliya və Filippin hərbi əməkdaşlığı genişləndirir

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Avstraliya və Filippin, hərbi əməkdaşlığı daha da genişləndirmək üçün yeni bir müdafiə sazişi imzalayıb. Saziş, Filippinin müdafiə naziri Gilberto Teodoro və Avstraliyanın səfiri Mark İns-Braun tərəfindən Manilada keçirilən ASEAN sammiti çərçivəsində, Avstraliyanın Baş naziri Entoni Albanizenin iştirakı ilə həyata keçirilib.
Bu yeni müqavilə, birgə hərbi əməliyyatların, quruda və dənizdə təlimlərin, dəniz patrul xidmətinin asanlaşdırılmasını və kəşfiyyat məlumatlarının mübadiləsinin artırılmasını nəzərdə tutur. Eyni zamanda, müdafiə infrastrukturunun inkişafını da təşviq edir.
Saziş, 1995-ci ildən bəri imzalanmış anlaşma memorandumunu yeniləyir və 2007-ci ildən qüvvədə olan müqaviləni tamamlayır. Teodoro qeyd edib ki, yeni saziş bürokratik maneələri azaldacaq və Filippinin suveren hüquqlarına əsaslanan ərazilərdə çəkindirmə imkanlarını gücləndirəcək.
Albanize, bu sazişin konkret bir ölkəyə qarşı yönəlmədiyini vurğulayıb, lakin bununla yanaşı, ticarət marşrutlarının təhlükəsizliyini təmin etməyə yönəlmiş hərbi əməkdaşlığın artırılacağını da bildirib. Avstraliyanın müdafiə naziri Riçard Marls, bu tərəfdaşlığın regional təhlükəsizlik və sabitliyə müsbət təsir edəcəyini qeyd edib.
Regional gərginliyin artdığı bir dövrdə Avstraliya, Cənub-Şərqi Asiya ölkələrinə sərmayələr ayırmağı planlaşdırır. Bu, hava və suüstü pilotsuz aparatların tədarükü, qorunan rabitə avadanlıqlarının təmin edilməsi və mütəxəssislərin yetişdirilməsi ilə əlaqədardır. Qeyd edək ki, Avstraliya, Filippin, Yaponiya və ABŞ arasında birgə koordinasiya mərkəzi yaradılması barədə də razılıq əldə edilib.