Ezonn Xəbər

Neft qaçaqmalçılığına görə 9 yüksək rütbəli şəxs işdən qovuldu

Neft qaçaqmalçılığına görə 9 yüksək rütbəli şəxs işdən qovuldu
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. İraqın Baş naziri Əli əl-Zeydi, Curf əl-Nəsr bölgəsində neft qaçaqmalçılığına dair araşdırmalar nəticəsində 9 yüksək rütbəli təhlükəsizlik əməkdaşını işdən azad edib. Söz konusu bölgə, İranın dəstəklədiyi "Kataib Hizbullah" qruplaşmasının əsas dayaqlarından biri hesab edilir. İraqın hərbi sözçüsü Sabah əl-Numan, Baş nazirin qaçaqmalçılıq faktlarını araşdıran komitənin hesabatını müzakirə etmək məqsədilə təcili təhlükəsizlik iclası keçirdiyini bildirdi. Araşdırmalar nəticəsində qanunsuz neft emalı müəssisələri və qaçaqmalçılıq fəaliyyəti ilə bağlı saxtakarlıq əlamətləri aşkar edilib. İşdən çıxarılan şəxslərin arasında Babil vilayətinin polis rəisi, təhlükəsizlik və kəşfiyyat əməkdaşları, eyni zamanda Neft Nazirliyinin Neft Boru Kəmərləri Şirkətinin direktoru da yer alır. Qaçaqmalçılıqla bağlı şübhəli bilinən işçilərin məhkəməyə verilməsi də xüsusi tapşırıq olaraq qeyd olunub. "Əl-Cəzirə"nin məlumatına görə, bölgədə aylıq 30 milyon dollaradək gəlir gətirən neft qaçaqmalçılığı şəbəkəsinin fəaliyyət göstərdiyi aşkar edilib. İddiaya görə, iki strateji neft boru kəmərindən qanunsuz yolla neft götürülərək qara bazarda satılır. Atlantik Şurasının eksperti Akel Abbas isə əməliyyatın əsas məqsədinin, hökumətin tərksilah təşəbbüslərinə müqavimət göstərən silahlı qruplaşmanın maliyyə mənbələrini kəsmək olduğunu vurğulayıb. Qeyd edək ki, "Kataib Hizbullah" son dövrlərdə baş nazirin hökumətini sərt tənqid edib və ona qarşı təhdidlər irəli sürüb.