Ezonn Xəbər

Türkiyədə PUA əleyhinə EJDERHA sistemi uğurla sınaqdan keçirildi

Türkiyədə PUA əleyhinə EJDERHA sistemi uğurla sınaqdan keçirildi
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. Türkiyənin müdafiə şirkəti ASELSAN, güclü elektromaqnit şüalanma vasitəsilə eyni anda 51 dronu bir neçə saniyə ərzində zərərsizləşdirən EJDERHA pilotsuz uçuş aparatına qarşı mübarizə sisteminin sınaqdan uğurla keçməsini elan edib. Sınaq ASELSAN-ın Gölbekdəki mərkəzində baş tutub və bu, şirkətin yaradılmasının 51-ci ildönümünə təsadüf edir. EJDERHA sistemi, iki mərhələdə test edilib. Birinci mərhələdə sistem, təxminən 1,000 metr məsafədə iki kabellə idarə olunan bir dronu sıradan çıxarıb. İkinci mərhələdə isə sistem eyni vaxtda havaya qalxan 51 drondan ibarət dəstəni uğurla zərərsizləşdirib. Şirkətin məlumatına görə, bu sistem dronların elektron komponentlərini güclü elektromaqnit dalğaları ilə hədəfə alır. Bu üsul raket və ya digər sursatlardan istifadə etmədən dronların işini dayandırmağa, yenidən işə salmağa və ya sıradan çıxarmağa imkan tanıyır. ASELSAN-ın baş direktoru Ahmet Akyol, bu uğuru şirkət üçün əhəmiyyətli bir nailiyyət adlandırıb və EJDERHA sisteminin artıq istehsalata hazır olduğunu bildirib. Sistem həmçinin Türkiyənin çoxqatlı “Polad günbəz” (ÇELİKKUBBE) hava hücumundan müdafiə sisteminin bir hissəsi olacaq. EJDERHA sistemi radar və elektro-optik sistemlərlə təchiz edilmişdir, bu da aşkarlama, izləmə və dəqiq hədəfləmə üçün əlavə imkanlar yaradır.