Türkiyədə PUA əleyhinə EJDERHA sistemi uğurla sınaqdan keçirilib

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Türkiyənin müdafiə şirkəti ASELSAN, EJDERHA pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə sisteminin uğurla sınaqdan keçirildiyini açıqlayıb. Bu sınaq ASELSAN-ın Gölbekdəki mərkəzində baş tutub və şirkətin təsis olunmasının 51-ci ildönümünə təsadüf edir.
EJDERHA sistemi, güclü elektromaqnit şüalanmanın köməyi ilə eyni vaxtda 51 dronu zərərsizləşdirmək qabiliyyətinə malikdir. Birinci mərhələdə, sistem iki kabellə idarə olunan dronu 1 000 metr məsafədən sıradan çıxarıb. İkinci mərhələdə isə, havaya qalxan 51 drondan ibarət dəstə zərərsizləşdirilib.
ASELSAN-ın açıqlamasına görə, bu sistem dronların elektron komponentlərini güclü elektromaqnit dalğaları ilə hədəfə alaraq raket və ya sursat istifadə etmədən onların zədələnməsinə və sıradan çıxarılmasına imkan tanıyır. Bu xüsusiyyət dronların müdafiəsində əhəmiyyətli bir addım olaraq qiymətləndirilir.
ASELSAN-ın baş direktoru Ahmet Akyol, bu uğurlu sınağı şirkət üçün əhəmiyyətli bir nailiyyət adlandıraraq EJDERHA-nın artıq istifadəyə verildiyini və kütləvi istehsala başlamış olduğunu bildirib. Sistem, mini və mikro sinifli PUA-lardan müdafiə üçün nəzərdə tutulub.
EJDERHA təsis edildiyi polad günbəz (ÇELİKKUBBE) hava hücumundan müdafiə sisteminin tərkib hissəsi olacaq. Həmçinin, aşkarlama, izləmə və dəqiq hədəfləmə üçün radar və elektro-optik sistemlərlə təchiz olunub.