“Google” kibertəhlükəsizlikdə yeni mərhələyə keçir

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ-ın “Google DeepMind” tədqiqatçıları, süni intellekt vasitəsilə “Signal” mesajlaşma tətbiqinin şifrələmə sisteminin təhlükəsizliyini yoxlamaq məqsədilə yeni bir yanaşma tətbiq ediblər. Tədqiqat zamanı “Gemini 4 Carbon” modeli əsasında işləyən süni intellekt agentləri istifadə edilmişdir.
Bu prosesdə 3 milyondan çox sətir riyazi sübut yaradılıb və sistemin kodu diqqətlə təhlil edilib. Tədqiqatçılar, araşdırma nəticələrini daha dəqiq təsdiq etmək məqsədilə “Signal” tətbiqinin əvvəlki versiyalarında olan iki proqram xətasını yenidən sistemə daxil ediblər. Süni intellekt, bu xətaların tədqiqi nəticəsində dəyişdirilmiş kodun təhlükəsiz olmadığını riyazi sübutlarla ortaya qoyub.
Tədqiqatın aparıcılarından Svarat Çaudhurinin sözlərinə görə, süni intellekt ilə həyata keçirilən yoxlama prosesi yalnız dörd həftə çəkib. Eyni işin insan mütəxəssisləri tərəfindən görülməsi isə illərlə vaxt ala bilərdi. Bu, süni intellektin səmərəliliyinin və gücünün bir göstəricisi kimi qiymətləndirilir.
Mütəxəssislər, gələcəkdə bu yanaşmanın proqram təminatında olan boşluqları yalnız axtarmaqla kifayətlənməyərək, onların olmamasını riyazi üsullarla sübuta yetirəcəyinə ümid edirlər. Hazırda bu texnologiya kommersiya məhsulu olmasa da, “Google DeepMind” bunun proqram təminatının hazırlanması və kibertəhlükəsizlik alətlərinə inteqrasiya edilməsini nəzərdən keçirməkdədir.