Ezonn Xəbər

Trampın media şirkətinin təxminən 1 milyard dollar borcu var

Trampın media şirkətinin təxminən 1 milyard dollar borcu var
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. ABŞ Prezidenti Donald Trampın ailəsinə məxsus Trump Media & Technology Group (TMTG) təxminən 1 milyard dollarlıq borc böhranı ilə üzləşib. Bu barədə “Financial Times” informasiya yayıb. Şirkət, Truth Social sosial şəbəkəsini idarə edir və hazırda maliyyə çətinlikləri ilə qarşılaşır. Problemlərin yaranma səbəbi ötən ilin mayında buraxdığı konvertasiya olunan istiqrazlardır. İstiqrazların ödəmə müddəti bu ilin noyabr ayının 30-da başa çatır. İstiqraz sahibləri ilk olaraq onları hər səhm üçün 34,72 dollar qiyməti ilə TMTG səhmlərinə dəyişə bilərdilər. Lakin ilin əvvəlindən şirkətin səhmləri 60 faizdən çox ucuzlaşaraq 4,64 dollara enib. Buna paralel olaraq, şirkətin istiqrazlardan əldə etdiyi vəsaiti yatırdığı bitkoin də son bir il ərzində dəyərinin üçdəbirini itirib. Bu ilin üçüncü rübünün sonunda TMTG-nin kriptovalyuta investisiyaları 1,36 milyard dollar qiymətləndirilib. Səhmlərin və bitkoinin ucuzlaşması, istiqraz sahibləri üçün qiymətli kağızları səhmlərə çevirmək üçün heç bir stimulu qalmayıb. Bunun əvəzinə, onlar şirkətdən borcun nominal dəyəri üzrə nağd şəkildə ödənilməsini tələb edə bilərlər. Kreditorlar qarşısındakı öhdəlikləri yerinə yetirmək məqsədilə TMTG yüz milyonlarla dollar dəyərində aktivlərini satmalıdır. Alternativ olaraq, şirkət daha əlverişsiz şərtlərlə yeni borc cəlb etməyə məcbur ola bilər. “Financial Times” qeyd edir ki, TMTG bu ilin doqquz ayını zərərlə başa vurub.