Ərəb ölkələri "dəhşət içində": Trampla əlaqələr araşdırılsa...

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər hökumətləri ABŞ Konqresində demokratların Prezident Donald Tramp və ailəsi ilə bağlı mümkün korrupsiya araşdırmalarından "dəhşət içində" olduqlarını bildiriblər. Bu barədə “Vaşinqton Post” qəzeti ABŞ rəsmilərinin və diplomatların mənbələrinə istinadla məlumat verib.
Demokratların Aralıq seçkilərində qələbə qazanması halında, Tramp administrasiyasının maliyyə əməliyyatlarını araşdırmaq niyyətində olduğu vurğulanıb. Partiya nümayəndələrinin artıq üç monarxiyanı bu araşdırmalar barədə xəbərdar etdiyi bildirilir. Araşdırmanın fokusunda daşınmaz əmlak sövdələşmələri, investisiyalar və Qətərin 400 milyon dollar dəyərində lüks "Boinq 747-8" şəxsi təyyarəsinin hədiyyə edilməsi məsələləri ola bilər.
Eyni zamanda, Tramp ailəsinin kriptovalyuta biznesində BƏƏ-nin rolu diqqət mərkəzinə çəkiləcək. Bu çərçivədə, Səudiyyə Ərəbistanının Cared Kuşnerin biznesinə yatırdığı investisiyaların araşdırılması da önə çıxır: 2021-ci ildə krallığın suveren fondunun onun “Affinity Partners” şirkətinə 2 milyard dollar investisiya qoyduğu məlumdur.
Trampın Ağ Evə dönməsindən sonra ailəsi ölkədəki biznes fəaliyyətini genişləndirərək Ciddədə "Trump Tower" və "Trump Plaza"nın, Ər-Riyadda isə yaşayış komplekslərinin inşasına qərar verib. Araşdırmaların digər istiqamətlərindən biri, ABŞ texnologiyalarından istifadə edilməklə Səudiyyə Ərəbistanında atom energetikasının inkişafına dair razılaşmalar ola bilər.