Bakıda səkkiz köhnə bina söküləcək

Ezonn TV «Editor.az» mənbəsinə istinadən xəbər verir.
Bakının Nizami rayonunda səkkiz köhnə binanın sökülməsi və burada yaşayan sakinlərin köçürülməsi planlaşdırılıb. Bu çərçivədə yeni yaşayış binalarının inşa olunması, eyni zamanda park və yaşıllıq sahələrinin yaradılması nəzərdə tutulur. Sakinlərə ödəniləcək kompensasiyanın məbləği isə xüsusi maraq kəsb edir.
Əmlak eksperti Fərid Cəfərli, köhnə binaların sökülməsinin sakinlərin əmlakının iqtisadi dəyərini itirmədən həyata keçirilməsinin vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, yaşayış sahələri üçün hər kvadratmetrə 2000-2800 manat kompensasiya verilməsi mümkün olsa da, bu rəqəmlər hələ ki, təsdiqlənməyib. Əgər ərazi dövlət ehtiyacları üçün alınırsa, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunun müddəaları tətbiq olunacaq ki, burada bazar qiymətinin müstəqil qiymətləndirici tərəfindən araşdırılması da önəmlidir.
Cəfərli, özəl investor və tikinti şirkətləri tərəfindən həyata keçirilən söküntü prosesinin də müəyyən qaydaları olduğunu qeyd edib. Bu halda, sakinlərə yeni binadan ev verilməsi, bazar dəyərinə uyğun pul kompensasiyası ödənilməsi və ya tərəflər arasında razılıq nəticəsində digər mənzillərlə əvəzləşdirmə mümkündür. Müstəqil qiymətləndirmələrin aparılması isə vacib amillərdəndir.
Həmçinin, dövlət və aidiyyəti qurumların məsələyə yalnız əmlak çıxarışı əsasında yanaşmasının düzgün olmadığını bildirən ekspert, yaşayış şəraitinin və sosial vəziyyətin də nəzərə alınması lazım olduğunu vurğulayıb.
Cəfərlinin fikrincə, sakinlərə yeni binadan mənzil verilməsi daha məqsədəuyğun olmalıdır. Lakin bu prosesdə yeni mənzilin sahəsi, təmir vəziyyəti və tikinti müddətindəki kirayə haqqının ödənilməsi kimi şərtlərin dəqiq göstərilməsi vacibdir.