Dövlət sərhədini pozmağa cəhd edən "paratrike" uçuş aparatı zərərsizləşdirilib

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları, "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan istiqamətində hərəkət edən "paratrike" tipli uçuş aparatını aşkar edib. Bu barədə DSX-nin Mətbuat xidməti məlumat verib.
Kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində, sözügedən uçuş aparatı zərərsizləşdirilib. Bu proses zamanı aparatda 21 kiloqram 210 qram narkotik vasitə: 19 kq 270 qr marixuana, 1 kq 940 qr tiryək və 4 000 ədəd psixotrop metadon M-40 həbi aşkar edilib. Uçuş aparatını idarə edən İran vətəndaşı sərhəd pozucusu qismində saxlanılıb.
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, müxtəlif vaxtlarda uçuş aparatları vasitəsilə ölkəyə narkotiklərin qanunsuz keçirilməsi halları qeydə alınıb. Bu cür əməllər, dövlət sərhədinin toxunulmazlığına və ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş qanunsuz fəaliyyətlər kimi qiymətləndirilir.
DSX, dövlət sərhədindəki qanunsuz fəaliyyətlərin qarşısının alınması və texniki uçuş cihazlarının zərərsizləşdirilməsi istiqamətində zəruri tədbirlərinin davam etdiriləcəyini vurğulayıb. Bu məqsədlə, qanunvericiliyin tələblərinə uyğun olaraq sərhəd pozucularının müəyyən edilib saxlanılması proseslərinə də qətiyyətlə yanaşılacaqdır.