Ezonn Xəbər

Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar

Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir. 2026-cı ildən başlayaraq pensiyalarda nəzərdə tutulan ikinci artım, pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən və əlavə altı illik iş stajı tamamlayan vətəndaşlara tətbiq ediləcək. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məlumat verib. Bayramovun açıqlamasına görə, qanunvericiliyə əsasən, pensiya yaşına çatdıqdan sonra işini davam etdirən şəxslərin pensiya məbləğləri hər altı ildən bir yenidən hesablanır. Hesablamada həmin müddətdə toplanmış pensiya kapitalı nəzərə alınır. Yəni, 2026-cı ildə altı illik əmək fəaliyyətini başa vuran vətəndaşların pensiyaları, onların əlavə topladığı pensiya kapitalına uyğun olaraq artırılacaq. Bununla yanaşı, digər pensiyaçıların məbləğlərindəki artım isə illik indeksləşdirmə mexanizmi əsasında həyata keçiriləcək. Bu artım, əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının artım faizi ilə müəyyən olunacaq. Deputat, 2026-cı ilin sonunda orta aylıq əməkhaqqındakı artım göstəricisi müəyyənləşdikdən sonra pensiyaların indeksləşdirilməsi ilə bağlı qərar qəbul ediləcəyini də sözlərinə əlavə edib. Qeyd edək ki, növbəti ümumi indeksləşdirmə 2027-ci ilin yanvar ayından etibarən tətbiq olunacaq və artımın həcmi 2026-cı il üzrə orta aylıq əməkhaqqının artım göstəricisindən asılı olacaq.