Azərbaycanda nəqliyyat dəhlizində yük daşımalar 7.4% artıb

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın nəqliyyat dəhlizləri ilə 25 milyon 942 min 400 ton yük daşınıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 788 min 300 ton, yəni 7,4% artım deməkdir.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, yük daşımalarının artımı daha çox Şərq-Qərb dəhlizində müşahidə olunub. Bu marşrutla daşınan yük həcmi 16,9% artaraq 14 milyon 741 min 300 tona çatıb, ümumi yükdaşımaların isə 56,8%-ni təşkil edir. Avropa-Qafqaz-Asiya dəhlizi üzrə yük daşımaları 22,7% artaraq 7 milyon 507 min 200 tona yüksəlib.
Şimal-Cənub dəhlizində yük daşımaları 2,2% artaraq 6 milyon 867 min 200 tona, Cənub-Qərb dəhlizində isə 11% artaraq 447 min tona çatıb. Lakin, Şimal-Qərb dəhlizində daşınan yük həcmi 12% azalaraq 3 milyon 886 min 900 tona düşüb.
Nəqliyyat növləri arasında ən böyük artım dəmir yolunda qeydə alınıb. Dəmir yolu ilə yük daşımaları 14,5% artaraq 12 milyon 81 min 700 tona çatmışdır. Avtomobil nəqliyyatı ilə daşımalar isə 6% artaraq 8 milyon 490 min 600 ton olub, dəniz nəqliyyatı ilə daşımalar 3,9% azalıb və 5 milyon 370 min 100 tona enib. Tranzit yüklərin payı dəmir yolu daşımalarında 46%-dən 47%-ə, avtomobil daşımalarında isə 41,9%-dən 46,6%-ə yüksəlib.