Ezonn Xəbər

2027-ci il büdcəsi müzakirəyə çıxarıldı

2027-ci il büdcəsi müzakirəyə çıxarıldı
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi müzakirəyə təqdim edilib. Gəlirlərin 39 milyard 254 milyon manat, xərclərin isə 42 milyard 400 milyon manat olacağı qeyd olunub. Büdcə layihəsi hazırda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilir. Təqdim olunan layihəyə əsasən, büdcə gəlirləri 2026-cı illə müqayisədə 645 milyon manat artacaq ki, bu da 1,7 faiz təşkil edir. Eyni zamanda, xərclər 696,4 milyon manat, yəni 1,7 faiz artmış olacaq. Dövlət büdcəsi kəsirinin yuxarı həddi isə 3 milyard 146 milyon manat, ümumi daxili məhsulun 2,2 faizi səviyyəsində proqnozlaşdırılır. Gəlirlərin формуlaşmasının qaynaqlarına nəzər saldıqda, qeyri-neft-qaz sektordan 23 milyard 774 milyon manat, neft-qaz sektorundan isə 15 milyard 480 milyon manat daxil olacağı gözlənilir. Qeyri-neft-qaz sektorunun büdcə gəlirlərindəki payı 60,6 faiz təşkil edəcək. Dövlət Neft Fondunun büdcəyə 11 milyard 900 milyon manat transfert edəcəyi planlaşdırılır ki, bu da cari ilin proqnozundan 935 milyon manat azdır. Sosial xərclərə yönəldiləcək vəsaitin 18 milyard 733,4 milyon manat olması gözlənilir ki, bu da büdcə xərclərinin 44,2 faizini təşkil edir. Müdafiə və milli təhlükəsizliyə 8 milyard 816,4 milyon manat, təhsilə 5 milyard 99 milyon manat, sosial müdafiə və təminata 4 milyard 914 milyon manat, səhiyyəyə isə 2 milyard 84,1 milyon manat ayrılması planlaşdırılır. İşğaldan azad edilmiş ərazilərin bərpası üçün büdcənin bütün xərc bölmələrindən 3 milyard 422 milyon manat yönəldilməsi nəzərdə tutulur. Dövlət borcuna xidmət xərcləri isə 2 milyard 200 milyon manatla məhdudlaşdırılır.