Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yük daşımaları 55% artıb

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Bu ilin iyunun 20-dən oktyabrın 31-dək Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə daşınan yüklərin ümumi həcmi, ötən ilin eyni dövrü ilə müqayisədə 55% artma göstərib. Bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi məlumat verib.
İlin yanvar-oktyabr ayları ərzində Gürcüstanın dəmir yolu nəqliyyatı sektorunda rekord göstəricilər qeydə alınıb. Hesabat dövründə dəmir yolları ilə 12,4 milyon ton yük daşınıb ki, bu da illik nisbətdə 13% artım deməkdir. Bu göstərici, son 12 ilin tarixi maksimumunu nümayiş etdirir.
Hesabata görə, ilk 10 ayda konteyner daşımaları 17% artıb. Bu artım, BTQ dəmir yolu xəttinin modernləşdirilməsindən sonra, 2023-cü il iyunun 2-də tam istismara verilməsi ilə əlaqədar yaranmışdır.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti, regionda yük daşımalarının artırılması və logistika fəaliyyətlərinin inkişafı baxımından strateji əhəmiyyət kəsb edir.