Azərbaycanda avtomobil bazarında satışla bağlı elanlar azalır

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda avtomobil bazarında elanların sayı oktyabr ayında 2 842 ədəd azalmışdır. Bu düşüş, sentyabrda 40 373 avtomobil elanından oktyabrda 37 531-ə enməsi ilə özünü göstərir. Buna baxmayaraq, median təklif qiyməti 18 800 manatdan 19 500 manata yüksəlmişdir.
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) hesabatlarına görə, satışda qalan avtomobillərin 39,6%-də qiymət endirilib, yalnız 8,9%-də isə qiymət artırılmışdır. Həmin avtomobillərin orta qiymətində 1,5% azalma müşahidə edilmişdir.
Maraqlıdır ki, bölgələrdə median qiymət artımı Bakı şəhərini üstələyib. Sentyabrda Bakıda median qiymət 23 500 manat, oktyabrda isə 23 900 manata yüksəlmişdir. Bölgələrdə bu göstərici 11 800 manatdan 12 500 manata çatmışdır.
Həmçinin, bazarda 20 min manatdan ucuz avtomobillərin payı da azalmışdır. Sentyabr ayında elanların 53,3%-i bu qiymət kateqoriyasına daxil olarkən, oktyabrda onların payı 51,2%-ə geriləyib.
Kütləvi modellərdə də qiymət dinamikasında dəyişikliklər baş vermişdir. Məsələn, “Hyundai Sonata” modelinin qiyməti oktyabrda daha 2,4% artaraq 23 750 manata çatmış, “Hyundai Santa Fe” modelləri isə 1,4% ucuzlaşaraq 28 500 manata düşmüşdür. Bu göstəricilər avtomobil bazarında median qiymətin artmasının bütün avtomobillərin eyni dərəcədə bahalaşması demək olmadığını vurğulayır.