Ezonn Xəbər

Türkiyədə bağça və ibtidai siniflərdə imtahan keçirilməyəcək – Yeni qərar

Türkiyədə bağça və ibtidai siniflərdə imtahan keçirilməyəcək – Yeni qərar
Ezonn TV «Azərbaycan müəllimi» mənbəsinə istinadən xəbər verir. Türkiyədəki məktəbəqədər təhsil müəssisələri və ibtidai siniflərdə hər hansı ad altında imtahan keçirilməsi qadağan edilib. Bu yeni qərar Türkiyənin Milli Təhsil Nazirliyinin Ölçmə və Qiymətləndirmə Qaydalarına edilən dəyişikliklərlə təsdiqlənib və artıq "Rəsmi Qəzet"də dərc edilib. Yeni qaydalara əsasən, qiymətləndirmənin məqsədi şagirdlərin idraki, fiziki, sosial və emosional inkişaf səviyyəsini izləmək və dəstəkləməkdir. İmtahanların yerinə, şagirdlərin təhsil müddətindəki nailiyyətləri, tədris proqramlarında nəzərdə tutulan öyrənmə nəticələri və hədəflər əsasında müəyyən ediləcək. Bundan əlavə, qiymətləndirmə nəticələri siniflər, məktəblər və ya regionlar arasında müqayisə üçün istifadə edilməyəcək. Ölçmə və qiymətləndirmə fəaliyyətləri yalnız nazirliyin müəyyən etdiyi rəqəmsal sistemlərlə həyata keçiriləcək. Sualların hazırlanması üçün süni intellekt alətlərinin istifadəsi nəzərdə tutulur və bu zaman fərdi məlumatların məxfiliyinin qorunması təmin ediləcək. Yeni tənzimləmə ilə milli və beynəlxalq monitorinq tədqiqatlarının elektron formada aparılması, şagirdlərin öyrənmə inkişafının izlənilməsi və təhsil siyasətinin formalaşdırılması məqsədilə daha səmərəli rəqəmsal texnologiyaların istifadəsi gözlənilir. Akademik Bacarıqların İzlənilməsi və Qiymətləndirilməsi (ABİDE) proqramı da daxil olmaqla, müxtəlif tədqiqatlar vahid normativ çərçivədə birləşdirilib.